— Sevilfest jurnalı
VII “SevilFest”in qalibləri elan olundu
11 iyul tarixində VII Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının qapanış mərasimi "Landmark"da baş tutdu. Festival doqquz gün ərzində Bakı, Şəki və Lənkəranda keçirilən nümayişlər, ustad dərsləri, müzakirələr və xüsusi tədbirlərlə yadda qaldı.
AniDok filmlərinin ikinci dəfə nümayişi baş tutdu. Daha sonra Emili Brizavuanın ‘’Möhtəşəm ana’’ filmi nümayiş olunub. Nümayişdən sonra kinoşünas Öykü Sofuoğlu ilə filmin təhlili və müzakirəsi baş tutub. Tamaşaçılar Öykü Sofuoğluna suallar ünvanlayıb, maraqlı müzakirə mühiti yaradıblar. Filmin nümayişi Fransanın Bakıdakı səfirliyinin dəstəyi ilə keçirilib.
Bağlanış gecəsində isə festivalın ən yaddaqalan anları xatırlandı və müsabiqə proqramlarının qalibləri elan olundu.
Qonaqları Dakini-nin canlı musiqisi və festivalın "Pop-up Store" layihəsində iştirak edən yerli brendlər qarşıladı. Rəsmi hissədə VII SevilFest-in hər üç şəhərdə həyata keçirilən proqramının qısa icmalı təqdim olundu, festivalın builki buraxılışını əks etdirən görüntülər nümayiş etdirildi və daha sonra mükafatlandırma mərasiminə start verildi.
Münsiflər heyətinin adından çıxış edən Samira Kidman, Bahar Şirin Demirel və festivalın anası Aygün Rəşidova builki müsabiqə proqramında yer alan filmlərin yüksək səviyyəsini vurğulayaraq qalibləri elan etdi.
VII “SevilFest”in qalibləri:
Ən yaxşı yerli qısametrajlı sənədli film
"Xəzər üçün rekviyem" — Suad Qara
Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film
"Tamamilə fərqli, tamamilə eyni" — Marianna Corcia Marquezini
Ən yaxşı beynəlxalq qısametrajlı AniDok filmi
"Paradaïz" — Matea Radiç
Jürinin xüsusi mükafatı
- "Çünki bu gün şənbədir" — Alice Eça Guimaraeş
- "nənə son versiya" — Məhəmməd Əliyev
VII “SevilFest” bu il də dünyanın müxtəlif ölkələrindən sənədli filmləri, yerli istehsalları və yeni müəllifləri bir araya gətirərək müxtəlif hekayələr, baxış bucaqları və mövzular ətrafında dialoq üçün bir mühit yaratdı.
Bütün qalibləri təbrik edir, festivalın iştirakçılarına, qonaqlarına, tərəfdaşlarına və tamaşaçılarına VII SevilFest-i birlikdə mümkün etdikləri üçün təşəkkür edirik.
Sevil sizi sevir!