— Sevilfest jurnalı
"SevilFest"in 5-ci günü necə keçdi?
“SevilFest’’in 5-ci günü müxtəlif ölkələrdən filmlər, xüsusi nümayişlər və maraqlı görüşlərlə yadda qaldı.
Proqram ərzində “Festivallardan seçmələr” bölməsindən “Mailin” və “Yaddaş”, yerli qısametrajlı sənədli film “Coldünya: 1990-cı ildən bu günə”, Heddy Honiqmanın retrospektivindən ‘’Yeraltı orkestr’’ filmləri nümayiş olundu.
Axşam isə Beer & Friends məkanında, bu il festivalımızda ilk dəfə keçirilən AniDok gecəsi çərçivəsində ‘’Tüklü ayaqlar’’, ‘’Çünki bu gün şənbədir’’, ‘’Paradaiz’’, ‘’Bu meşələr kimindir?’’, ‘’Çünki mən qızam’’, ‘’Kollektiv yaddaş’’ və ‘’Quyruqsuz pişik’’ filmləri izləyicilərə təqdim edildi. Şəxsi hekayələrdən kollektiv yaddaşa, gender normalarından müharibənin izlərinə qədər fərqli mövzulara toxunan bu qısametrajlı filmlər animasiyanın sənədli ifadə vasitəsi kimi gücünü nümayiş etdirdi.
Beynəlxalq AniDok Müsabiqəsində yer alan 7 sənədli animasiya filminin nümayişindən sonra “Çünki mən qızam’’ filminin rejissorları ilə müzakirə də baş tutdu. “Çünki mən qızam’’ filminin yaradıcı heyətindən Ayana Baymuratova, Fatimə Çorobekova ilə görüşüb, filmin yaranma prosesi ilə bağlı söhbət etdik. Bu sadəcə film nümayişi deyildi. Burada izləyicilər yeni insanlarla tanış olub, filmlər ətrafında maraqlı söhbətlərə qoşulub, sənədli kino həvəskarları ilə bir araya gəlmək şansı qazandılar.