— Sevilfest jurnalı
"SevilFest"in 6-ci günü necə keçdi?
“SevilFest’’in 6-cı günü film nümayişləri, ustad dərsi və xüsusi tədbirlərlə yadda qaldı.
Günə beynəlxalq qısametrajlı sənədli filmlər ilə - ‘’Qazayağı qırışlar’’, ‘’Makula’’ ilə başladıq.
Ardınca ‘’Oskar’’ nominasiyalı rejissorlar Məhəmmədreza Eyni və Sara Xaki ilə Azərbaycanca danışan bir kənddən ‘’Oskar’’a adlı ustad dərsində sənədli kinonun görünməyən tərəfləri haqqında söhbət etdik. Bu ustad dərsi bizi qayaların arasından keçən uzun bir hekayə yoluna apardı. 2026-cı ildə ‘’Ən Yaxşı Tammetrajlı Sənədli Film’’ nominasiyası üzrə Oskara namizəd olan ‘’Qayaları yararaq’’ (Cutting Through Rocks) filminin yaradıcı heyətindən Məhəmmədrza Eyni və Sara Xaki filmin yaranma hekayəsini, yaranma prosesini və qarşılaşdıqları çətinlikləri ‘’SevilFest’’ auditoriyası ilə bölüşdülər. İranda ucqar bir kənddən başlayan və dünyanın ən nüfuzlu kino platformalarına qədər uzanan bu yol boyunca rejissorlar araşdırma, çəkiliş, montaj, beynəlxalq əməşdaşlıqlar, qəhrəmanla uzunmüddətli etimad münasibətinin qurulması və sənədli kinoda yaradıcı qərarların verilməsi barədə danışdılar. Ustad dərsi müasir sənədli kino istehsalının görünməyən tərəflərinə işıq saldı.
Axşam isə “Festivallardan seçmələr” proqramından ‘’Mayda pıçıltılar’’ filmini birlikdə izlədik.
KYNO ilə birgə əməkdaşlıq çərçivəsində ‘’Kinomanlar üçün Speed Dating’’ görüşü baş tutdu. Bəzən bir insanı tanımaq üçün sadəcə bir sual kifayətdir: Ən sevdiyin film hansıdır? Bu xüsusi tədbirdə klassik tanışlıq suallarını bir kənara qoyduq və söhbətə filmlərdən başladıq. İştirakçılar qısa görüşlər zamanı bir-birilə tanış olub, vaxt tamam olduqca isə masaları dəyişib, yeni söhbətlərə başladılar. Sevdiyimiz janrlar, haqqında saatlarla danışa biləcəyimiz rejissorlar, dönə-dönə baxdığımız filmlər və ya heç sevmədiyimiz məşhur klassiklər bu görüşlərin əsas mövzusu oldu. Burada iştirakçılar özünə yeni festival yoldaşı, uzun kino söhbətlərinin həmsöhbətini və eyni filmə səninlə eyni səbəbdən vurulan birini tapa bilmək şansı qazandılar. ‘’Kinomanlar üçün Speed Dating’’ maraqlı söhbətlər, yeni tanışlıqlar və bol kino müzakirələri ilə yadda qaldı. Fərqli konsepsiyası ilə bu görüş festival proqramının ən xüsusi tədbirlərindən birinə çevrildi.
‘’SevilFest’’in ədəbiyyat kino və yaradıcı düşüncəni bir araya gətirən yeni rubrikası olan və ‘’Oxu gecəsi”nin ilk görüşü Türkiyə poeziyasının ən özünəməxsus simalarından biri olan Nilgün Marmaraya həsr olundu. Görüşə ‘’Nilgün’’ sənədli filminin nümayişi ilə başladıq. Filmin rejissoru Tolqa Oskar da bizimlə oldu. Onunla filmin yaranması, Nilgün Marmaranın həyatı və yaradıcılığı haqqında söhbət etdik. Nümayişdən sonra isə Nilgün Marmaranın poeziyası ətrafında söhbət edib, iştirakçılar ilə birgə şeirlərini oxuyub, onun sözləri ətrafında düşündük. Şeirlərin çap olunmuş nüsxələri tədbir zamanı iştirakçılara təqdim edildi və bu axşamı birgə paylaşdığımız hisslərlə tamamladıq.