Yeniliklər / 6 iyl 2026

— Sevilfest jurnalı

"SevilFest"in 3-cü günü necə keçdi?

6 iyl 2026 · 2 dəq oxu
"SevilFest"in 3-cü günü necə keçdi?

“SevilFest”in 3-cü günü xeyli sayda nümayiş, tədbir və izləyici ilə yaddaşlara həkk olundu. Günə Aysel Sadıqovanın yaylıq master-klası ilə başlanıldı. Bir yaylıq bəzən məsumluğun, bəzən qaydaların, bəzən isə qadının necə görünməli olduğuna çevrilib. Bəs Sevil bu gün yaşasa idi, yaylığını necə taxardı? Başına? Boynuna? Çantasına? Yoxsa heç taxmazdı? ‘’SevilFest’’in 7-ci buraxılışı çərçivəsində keçirilən master-klasda yaylığın tarixini, gizli mənalarını və fərqli istifadə formalarını birlikdə araşdırdıq. Əsas sual ‘’Bunu necə bağlamaq olar’’ deyil, ‘’Bunu kim və nə üçün bağlayır’’ sualıdır. Biz də bu suala cavab tapmağa çalışdıq.

 

Proqramımızda yer alan ‘’Qaçqın ata’’ filmi nümayiş olunub. Filmin rejissoru və qəhrəmanı olan İsa Sauerin 20 il sonra qardaşı ilə birlikdə atasını tapmaq və illərlə cavabsız qalan suallarına aydınlıq gətirmək üçün yola çıxır və bunu sənədləşdirir. Filmin nümayişindən sonra rejissor İsa Sauer və Kamil Sauer öz səmimi hisslərini dilə gətirib  tamaşaçıların suallarını cavablandırıb. 

 

Pıçıltı ilə danışılan mövzulara pauza deyib ‘’Menapauza müəmması’’ sənədli filmini birlikdə izlədik. Filmdə müxtəlif yaşlarda olan qadınların hekayələrindən  məlum olur ki, dünyanın hər yerində milyonlarla qadın eyni suallara cavab axtarır. Filmin nümayişindən sonra ‘’Menapauza salonu’’nda bir araya gələrək menopauza, menstruasiya və qadın sağlamlığı ətrafında formalaşmış tabular haqqında söhbət etdik. Tədbirin müzakirə hissəsi menstruasiya və qadın sağlamlığı sahəsində fəaliyyət göstərən ‘’Menarki.az’’ ilə əməkdaşlıq çərçivəsində baş tutdu. “Dolce Duo” və “Chai Baku” əməkdaşlığı ilə isə bu söhbətləri şirniyyat və çay müşayiət etdi. 

 

Proqramda daha sonra 2022-ci ildə ABŞ Ali Məhkəməsi abort hüququnu ləğvindən bəhs edən ‘’Sancılar’’ və Yuqoslaviya müharibələrinin fəsadlarından bəhs edən ‘’Tamamilə fərqli, tamamilə eyni’’, ‘’Yaxşı ər, əziz oğul’’ filmlərini izlədik. 

3-cü günün son filmi olaraq Beynəlxalq Kino Tənqidçilərinin əsas mükafatlarını qazanan ‘’A Fox Under A Pink Moon’’ adlı filmi nümayiş olundu. ‘’A Fox Under A Pink Moon’’ filminin qəhrəmanı cəmi 16 yaşında olan Soraya həm gözəlliyi, həm də qaranlıq ovqatı ilə seçilən heyrətamiz rəsmlər və heykəllər yaradır. Zorakı bir kişi ilə evli olan gənc əfqan rəssam 5 il ərzində müxtəlif yollarla İrandan qaçaraq Avstriyada yaşayan anasına qovuşmağa çalışır. Hər kəsin həyatında çətin və qaranlıq dövrlər olur. Ancaq hər kəsin çıxış yolu eyni olmur. Soraya bu dövrü lentə almağı seçir. Telefonu ilə çəkib rejissor Mehrdad Oskueiyə göndərdiyi video-gündəliklər, rəsmləri və sürreal animasiyalar vasitəsilə Soraya öz hekayəsini danışır. Nümayişdən sonra ‘’SevilFest’’in qonağı olan filmin rejissoru Mehrdad Oskouei Soraya ilə necə tanış olmağından, ağır şərtlər altında çəkilən filmin ərsəyə gəlməsindən danışmaqla yanaşı izləyicilərin suallarını cavablandırıb.