— Sevilfest jurnalı
"SevilFest"in 2-ci günü necə keçdi?
“SevilFest”in 2-ci günü post-prodakşn mərhələsində olan sənədli film layihələri üçün 3 günlük DokAtelye: Montaj proqramı ilə başladı. Atelye çərçivəsində seçilmiş layihələr Samirə Kidman və Katya Drinqenberqin mentorluğu ilə filmlərinin montajı, dramaturji quruluşu və ritmi üzərində işləmək imkanı əldə etdilər.
Proqramımızda yerli müsabiqədən rejissor Atanur Nəbiyevanın “İki od arasında” filmi nümayiş etdirildi. Film, ll Qarabağ müharibəsindən geri dönən 3 müharibə iştirakçısının görünməz yaralarla yaşamağa davam etməsindən bəhs edir. Nümayişdən sonra rejissor filmin ərsəyə gəlmə prosesindən danışmaqla yanaşı tamaşaçıların suallarını cavablandırdı.
Daha sonra isə Məhəmməd Əliyevin rejissoru olduğu “nənə son versiya” yerli sənədli qısametrajlı filmi tamaşaçılara təqdim olunub. Filmdə gənc rejissor nənəsinin ölümündən sonra arxiv videolarından istifadə edərək onunla vidalaşmağa çalışır. Film, özünəməxsus baxışla və yumoristik bir tonda təqdim olunmuşdur. Təqdimatdan sonra rejissor tamaşaçıların ünvanladığı sualları cavablayıb.
Festivalımızın qonağı olan, Almaniya kino sənayesinin tanınmış montajçı, dramaturq və rejissorlarından biri olan Katya Drinqenberqin rəhbərliyi ilə “Montaj-demontaj” master-klası həyata keçirildi. İzləyicilər Katya Drinberqin filmlərindən kadrlar izləyib, montajın incəliklərini öyrəndilər.
Hedi Honiqmann retrospektivindən ilk film olaraq rejissorun Perunun sosial və siyasi vəziyyətini taksi sürücüləri vasitəsilə təqdim etdiyi “Metal və melanxoliya” filmi nümayiş olundu. O, 2015-ci ildən etibarən Hedi Honiqmannla yaxından çalışıb, rejissorun yaradıcılığının son illərində araşdırmaçı, ssenarist və rejissor köməkçisi kimi fəaliyyət göstərən Monik Lesterhaüs, rejissorun yaradıcılıq prosesi, filmlərinin arxasında duran düşüncə tərzi və onunla işləməyin necə bir təcrübə olduğu haqqında danışdı.