— Sevilfest jurnalı
"SevilFest"in 4-cü günü necə keçdi?
‘’SevilFest’’in 4-cü günü maraqlı nümayişlər, dəyərli qonaqlar və dolu zal atmosferi ilə yadda qaldı. Günə ‘’Birgəyaşayış? Yox bir!’’ filmi ilə başlanıldı. Filmin qəhrəmanı Noam Şuester Eliassi İsrail-Fələstin sülh prosesinin simvollarından biri kimi böyüyüb, daha sonra isə stand-up komediya və siyasi satiraya üz tutub.
Ardınca yerli qısametrajlı sənədli film ‘’Xəzər üçün rekviyem’’ nümayiş olundu. Xəzərin ekoloji problemlərindən və Pirallahı adasında sakinlərinin çətinliklərindən bəhs edən rejissor Suad Qara izləyicilərlə filmin ərsəyə gəlmə prosesi barədə söhbət etdi.
Günün son nümayişi, ‘’Ən Yaxşı Tammetrajlı Sənədli Film’’ üzrə 2026-cı il Oskar mükafatına namizəd olan ‘’Qayaları yararaq’’ filmi isə böyük maraqla qarşılandı. Sara Şahverdi İranın ucqar kəndlərindən birində yerli bələdiyyəyə seçilən ilk qadındır. Azərbaycanlı icmanın nümayəndəsi Sara yeniyetmə qızlara motosiklet sürməyi öyrətməklə, uşaq nikahlarına qarşı çıxmaqla və qadınların mülkiyyət hüququnu müdafiə etməklə patriarxal normalara meydan oxuyur. Lakin fəaliyyəti bəzi çevrələrdə narahatlıq doğurur və onun niyyətləri ilə bağlı ittihamlar ortaya çıxır. 100-dən çox izləyicinin qatıldığı nümayişdən sonra rejissorlar Məhəmmədreza Eyni, Sara Xaki və filmin qəhrəmanı Sara Şahverdi ilə maraqlı müzakirə baş tutub. Keçirilən müzakirədə filmin arxa planı, ilham mənbələri, filmin yaranma prosesi, qadın hüquqları, cəmiyyətin qoyduğu sərhədlər haqqında və tamaşaçıların sualları ətrafında səmimi dialoqlar yarandı.