— Festival
Arxiv
2020 — 2026 · 7 buraxılış
Buraxılış · 2023
IV SevilFest
15-22 sentyabr, 2023
Bakı, Şəki, Lənkəran
Sloqan: Sizin regionda əlçatmazdır
Festival artıq ənənəyə çevrilərək, 2023-cü ildə də Bakı, Şəki və Lənkəran şəhərlərində baş tutdu. IV “SevilFest“ “Sizin regionda əlçatmazdır” şüarı ilə çıxış etdi. Festival bu dəfə müxtəlif sahələrdə mövcud olan maneələri, məhdudiyyətləri və “əlçatmaz” kimi təqdim edilən anlayışları sorğulamaq məqsədi daşıyırdı. Zəngin proqram və nümayişə hazır filmlər vasitəsilə həm yerli, həm də qlobal tabuların üzərinə gedildi və ortaq yaralara nəzər salındı.
Nəticələr:
- Festival 2200 nəfəri bir araya gətirdi.
- Fərqli film nümayişləri, panel müzakirələri və master-klasslar təşkil olundu.
Önəmli Hadisələr:
- Həmin il festival çərçivəsində Agnès Vardanın retrospektivi təqdim olundu. Kino tarixinin əfsanəvi quruluşçu rejissor və operatorlarından olan Agnès Godard festivalın qonağı kimi “Kameralı qadınlar” başlıqlı master-klass keçdi.
- Festivalın “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasının qalibi, gənc animasiya rejissoru Nəzrin Ağamalıyevaya növbəti layihəsinin icrası üçün nəğd mükafat təqdim olundu.
DokAtelye Proqramı: 2023-cü ildə “SevilFest”in yeni proqramı olan “DokAtelye” doğuldu. Festivalla paralel olaraq, Bakıda 5 gün davam edən bu interaktiv və nəzəri hissələrdən ibarət proqram çərçivəsində iştirakçılara sənədli film istehsalı, vizual hekayə quruculuğu və texniki biliklər təqdim edildi.
Vörkşopun sonunda jüri tərəfindən seçilən qalib layihə “SevilFest“ tərəfindən dəstəkləndi və nəticədə gənc rejissor Aytac Bəkməmmədovanın “Məbəd qadın” adlı qısametrajlı sənədli filmi ərsəyə gəldi.
DokAtelye Kids: İlk dəfə bu, 18 yaşdan yuxarı, film sahəsinə marağı olan iştirakçılar üçün olsa da, daha sonra “DokAtelye” Gürcüstanda “Fabula Culture Connection” layihəsi ilə əməkdaşlıqda “DokAtelye kids” - 12-15 yaşlı uşaqlar üçün vörkşop keçirildi.