— Sevilfest jurnalı
“Yetdi”: VII SevilFest rəsmi olaraq başladı
3 iyul tarixində VII Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının açılış mərasimi "Landmark"da baş tutdu. Festival doqquz gün ərzində Bakı, Şəki və Lənkəranda keçiriləcək nümayişlər, ustad dərsləri, müzakirələr və xüsusi tədbirlərlə davam edəcək.
Açılış axşamı qonaqların qarşılanması və furşetlə başladı. Ardınca aparıcıların təqdimatı ilə festival rəsmi olaraq açıq elan edildi.
“2020-ci ildə festivalı yaradanda komanda da 5 nəfər idik. Bu gün isə sayımız artıq 18-ə çatıb”. - Festivalın təsisçisi və direktoru Aygün Rəşidova
Daha sonra Fransanın Azərbaycandakı səfiri Sifi Laqut qonaqları Azərbaycan dilində salamlayaraq festivalın təbliğ etdiyi ortaq dəyərlərdən danışdı.
Hedi Honiqman retrospektivi çərçivəsində festivala dəvət olunan tədqiqatçı və ssenarist Monik Lesterhüis isə çıxışında görkəmli rejissorun yaradıcılığına və irsinə həsr olunmuş retrospektivin əhəmiyyətini vurğuladı.
Açılış mərasimində Fransa, Böyük Britaniya, Niderland və Belçikanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də yerli kino və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Bu il ilk dəfə olaraq festival çərçivəsində qadın sahibkarların məhsullarını təqdim edən "Pop-up Store" layihəsi də həyata keçirildi. Layihədə "Yarny", "Punkap", "Amore Brooch", "Parcha", "Barghuzar", "Tenbelf" və "Mi Mi" brendləri iştirak edirdi.
Festivalın açılış mərasimi "Oskar" mükafatına “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyası üzrə namizəd göstərilmiş Məhəmmədreza Eyni və Sara Xakinin “Qayaları yararaq” (Cutting Through Rocks) filminin nümayişi ilə davam etdi. Festival çərçivəsində filmin ikinci nümayişi 6 iyul tarixində baş tutacaq. Nümayişdən sonra rejissorlar Məhəmmədreza Eyni və Sara Xaki tamaşaçılarla görüşərək film haqqında söhbət edəcəklər.
VII SevilFest 11 iyul tarixinədək davam edəcək.