Yeniliklər / 21 may 2026

— Sevilfest jurnalı

Heddy Honigmann Restrospektivi

21 may 2026 · 1 dəq oxu
Heddy Honigmann Restrospektivi

Festivalımızın bu ilki retrospektiv proqramını sənədli kinonun özünəməxsus rejissorlarından olan Heddi Honiqmana həsr etməkdən qürur duyuruq!

Doğumunun 75-ci ilində Heddi Honiqman [Heddy Honigmann] yaradıcılığından filmləri Azərbaycan tamaşaçısına təqdim edəcəyik!

Heddi Honiqman (1951–2022) Perunun Lima şəhərində Holokostdan sağ çıxmış bir ailənin övladı olaraq dünyaya gəlib. O, 1970-ci illərin sonlarında Niderlandda məskunlaşaraq ölkənin ən önəmli rejissorlarından birinə çevrilib. Onun həyatı və yaradıcılığı Latın Amerikası, Şərqi Avropa və Niderlanddan hekayələri və tarixçələri bir araya gətirir.

25 ildən artıq davam edən yaradıcılığı boyunca Honiqman empatiya, yaddaş, musiqi, sürgün, sevgi və münaqişə kimi mövzulara toxunan filmlər çəkib. Onun filmləri müxtəlif ölkələr, dillər və insan taleləri arasında var-gəl edir: Paris metrosunda ifa edən miqrant musiqiçilərdən tutmuş Perudakı taksi sürücülərinə, Bosniyada müharibənin izlərinə, Nyu-Cersidə yaşayan kubalı mühacirlərə qədər...

Heddi Honiqman kinematoqrafiyasının səciyyəvi cəhətlərindən biri insanlarla qurduğu münasibətdir. Onun filmlərində sadə söhbətlər vasitəsilə qəhrəmanların daxili dünyası, həssaslıqları, yumoru və ən adi insani halları görünməyə başlayır.

Honiqmanın filmləri dünyanın müxtəlif festivallarında nümayiş olunub və çoxsaylı mükafatlar qazanıb. Başqa sözlə, o, yaşadığı dövrdə öz dəyərini görə bilmiş nadir sənətkarlardan olub. Heddi əsasən sənədli filmləri ilə tanınsa da, bir neçə uğurlu bədii filmə də imza atıb.

Festivalın retrospektiv proqramı çərçivəsində nümayiş ediləcək filmlər ölkəmizdə ilk dəfə göstəriləcək.

Biz inanırıq ki, Heddinin dərin humanist baxışını yenidən izləmək bu gün daha da vacibdir.

Bu retrospektivin ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə Heddinin ailəsinə, yaxın həmkarlarına, prodüserlərinə və Niderlandın “Eye” film muzeyinə təşəkkür edirik.

21 may Heddi Honiqmanın vəfat günüdür. Bu retrospektiv onun dəyərli xatirəsinə ithaf olunur.