— Sevilfest jurnalı
Beynəlxalq Anidok müsabiqəsi
Daha əvvəl elan etdiyimiz kimi bu il festivalımızda bir ilk yaşanır! 🎉
“SevilFest”in ilk Beynəlxalq AniDok Müsabiqəsi müxtəlif ölkələrdən seçilmiş, beynəlxalq festivallarda diqqət çəkmiş animasiyalı sənədli filmləri bir araya gətirir.
Şəxsi hekayələrdən kollektiv yaddaşa, gender normalarından müharibənin izlərinə qədər fərqli mövzulara toxunan bu qısametrajlı filmlər animasiyanın sənədli ifadə vasitəsi kimi gücünü nümayiş etdirir.
Fərqli vizual yanaşmalar və yaradıcı üslublarla zəngin olan proqram tamaşaçıları həm təsirli hekayələr, həm də animasiya dilinin imkanları ilə tanış edəcək.
Çünki mən qızam
Sayajan İspolqanova, Alisa Tyan, Rozita Keneşova, Fatima Çorobekova, Alina Alıbekova, Dariya Murzulukova
7 dəq | Qırğızıstan | 2025
Qırğızıstanda yeniyetmə qızların ərsəyə gətirdiyi bu animasiya onların qadınlığa dair düşüncələrini bir araya gətirir. Yeddi animator böyüdükləri mühitdə qarşılaşdıqları gündəlik gözləntilər və sosial rollar haqqında danışırlar. Film gender normalarının yeniyetmə qızların gündəlik həyatına necə təsir etdiyinə işıq salır.
Tüklü ayaqlar
Andrea Dorfman
16 dəq | Kanada | 2024
13 yaşlı bir qız ayaq tüklərini qırxmamaq qərarı verir. Kiçik görünən bu seçim onu qadın bədəni, gözəllik standartları və gender stereotipləri ətrafında formalaşmış qaydaları sorğulamağa sövq edir.
Çünki bu gün şənbədir
Alis Esa Gimaraeş
12 dəq | Portuqaliya, Fransa, İspaniya | 2025
Bir qadın özünə nadir bir hədiyyə vermək istəyir: yaradıcılığına vaxt ayırmaq. Bunun üçün şənbə günü hamıdan əvvəl oyanır. Lakin uşaqların, ev işlərinin və bitib-tükənməyən qayğıların arasında bu cəhd dəfələrlə yarımçıq qalır. Məişət həyatının görünməz zehni yükü getdikcə ağırlaşır və qadını dözüm həddinə çatdırır.
Paradaïz | 2025
Matea Radiç
9 dəq | Bosniya, Kanada
Güllə deşikləri ilə dolu evlərin və saatlı bombaya çevrilmiş pomidorların dünyasına xoş gəlmisiniz. Bura Sarayevodur, Bosniya müharibəsi zamanı rejissor Matea Radiçin tərk etdiyi doğma şəhəri. O, absurd animasiya vasitəsilə müharibə travması, köçkünlük və “ev” anlayışı üzərinə düşünür.
Bu meşələr kimindir?
Keyt Nartker
7 dəq | ABŞ | 2024
1841-ci ildə ABŞ-ın Ohayo ştatında yaşayan Culianna Hofrixter meşədə qoz toplamaq üçün evdən çıxır və bir daha geri qayıtmır. Təxminən iki əsr sonra rejissor Keyt Nartker animasiya vasitəsilə ulu nənəsinin izinə düşür. Toxunmuş parçalardan kadr-kadr yaradılmış bu film ailə tarixçəsini və müəmmalı itkini yenidən təsəvvür edərək insanın təbiətlə əlaqəsinə diqqət çəkir.
Kollektiv yaddaş
Kristina Kolmenares
15 dəq. Kolumbiya, Peru | 2026
1983-cü ildə Perunun “Parlaq Yol” hərəkatı ilə silahlı münaqişəsinin ən qaranlıq günlərində maskalı əsgərlər Adelinanın evinə girərək ərini aparırlar. O, ərini bir daha heç vaxt görmür. Polis və ordunun susqunluğu və etinasızlığı ilə üzləşən Adelina yaxınlarını itirmiş digər qadınlarla birləşərək həqiqət və ədalət uğrunda mübarizəyə qoşulur.