Şirin Bahar Demirel ötən il VI “SevilFest”də nümayiş olunan “Zərifliklə zorakılıq arasında” (Between Delicate and Violent) sənədli animasiya filmi ilə “Ən yaxşı beynəlxalq film” mükafatına layiq görülüb. Bu il isə o, festivalımıza münsiflər heyətinin üzvü kimi qayıdır.
Şirin Bahar Demirel kino, kollaj və instalyasiya sahələrini bir araya gətirən rejissor və multidissiplinar sənətçidir. Onun yaradıcılığı şəxsi və kollektiv yaddaşın, gender münasibətlərinin, siyasətin və patriarxal sistemlərin kəsişməsinə fokuslanır. Son illərdə o, xüsusilə tekstil və tikiş sənətinə maraq göstərir, bu vasitələrdən qayğı, mübarizə və yaddaş mövzularını ifadə etmək üçün istifadə edir.
Şirin Türkiyədə Qalatasaray Universitetində kino təhsili alıb, Fransadakı Pol Valeri Universitetində mədəniyyət layihələrinin kurasiyası və idarə olunması üzrə magistr dərəcəsi əldə edib. Onun filmləri və digər incəsənət layihələri IDFA, Niderland Film Festivalı, Sarayevo Film Festivalı, İstanbul Modern, Şərcah Film Platforması, Transmediale Berlin və Ars Electronica kimi nüfuzlu festival və platformalarda nümayiş olunub.