Mən Hüseyn Yunisov. SevilFest-ə 2025-ci ildə Texniki Koordinator kimi qoşulmuşam və festivalın texniki işlərinin koordinasiyası ilə məşğul oluram. Mənim üçün SevilFest fərqli insanları, ideyaları və icmaları bir araya gətirən, öyrənmək və paylaşmaq üçün unikal bir atmosferdir. Burada olmaq mənə komanda işi, sürətli qərarvermə və böyük tədbirlərin pərdəarxası proseslərini idarə etmək sahəsində dəyərli təcrübə qazandırıb, eyni zamanda maraqlı və ilhamverici insanlarla tanış olmaq imkanı verib. Festivaldan kənarda kitab kafesində çalışır, eyni zamanda ekoloji maarifləndirmə layihələrində fəaliyyət göstərirəm. Boş vaxtım o qədər də olmur, amma olanda mənə bir az tənhalıq və sakitlik kifayət edir. Bununla yanaşı, ekoaktivizm və ətraf mühit mövzularında araşdırmalar aparmağı sevirəm. Hər kəsin izləməli olduğunu düşündüyüm film Federico Fellini-nin "Orchestra Rehearsal"(1978) filmidir. Məncə, bu film fərd, kollektiv və xaos arasındakı münasibəti çox fərqli və düşündürücü şəkildə göstərir. İnsanları müşahidə etməyi sevirəm. Mənim üçün bu, onları mühakimə etməkdən daha çox, davranışlarını və niyyətlərini anlamaq, müxtəlif vəziyyətlərdə necə reaksiya verdiklərini görmək üçündür. Eyni maraqla flora və faunanı da izləməyi sevirəm. Düşünürəm ki, diqqətlə müşahidə etmək həm insanları, həm də yaşadığımız dünyanı daha yaxşı anlamağa kömək edir.