Mən Teybə (5 hərf, “i”siz) Səfərova. “SevilFest” komandasına 2026-cı ildən Sosial media strateqi kimi qoşulmuşam. “SevilFest” mənim üçün ifadə olunmayacaq dərəcədə dəyərli layihədir. Məni bura ilk dəfə bir dostum “ödənişsiz film nümayişləri var” deyərək dəvət etmişdi. Sevil-də izlədiyim ilk film “Honeyland” olmuşdu. Həm filmi, həm də festivaldakı ab-havanı gördükdən sonra Sevil-in “ödənişsiz film nümayişi”ndən qat-qat artığı olduğunu dərhal başa düşmüşdüm. Hər il “SevilFest”i uzaqdan gələn bir dostumu gözləyirmiş kimi sevgi və həyəcanla gözləyirəm. “SevilFest” mənə hələ də gözəl şeylərin mümkün olduğuna dair inam qazandırıb və çox istərdim ki, bu inamın şəfəqi uzun illər parlamağa davam etsin. Peşəkar fəaliyyətim marketinq sahəsi ilə bağlıdır. Qələmimdən çıxan reklam ssenariləri və sosial media layihələrinin sayı kifayət qədərdir. Sənədli film sevənlərin filmləri məhz “SevilFest” ab-havasında izləməsini arzu edirəm. Əgər hələ izləməyiblərsə, “Seven Winters in Tehran” filminə mütləq baxsınlar. Evimdə heyvanım olmasa da, yaşadığım yerdəki bütün pişik və itlər yolumu kəsib məni “bu gün yeməyə nə gətirmisən?” baxışı ilə qarşılayır.