Sevilfest mənim üçün sadəcə bir festival deyil, dəyişimin, həmrəyliyin və inkişafın platformasıdır. Mən 2023-cü ildən etibarən festivalın bir parçasıyam və Şəki üzrə koordinator kimi fəaliyyət göstərirəm. Bu müddətdə müxtəlif sahibkar qadınlarla tanış olmuş, onların fəaliyyətlərini tanıtmağa və dəstəkləməyə çalışmışıq. Festivalın ən vacib tərəflərindən biri maarifləndirmə missiyasıdır. Filmləri yalnız region mərkəzlərində deyil, kəndlərdə də nümayiş etdirərək daha geniş auditoriyaya çatdırır, gender bərabərliyi və sosial məsələlər ətrafında düşüncə mühiti yaradırıq. Mən eyni zamanda müəllim kimi fəaliyyət göstərirəm və gənclərlə işləməyi sevirəm. Sevilfest bu baxımdan mənə öz bilik və təcrübəmi paylaşmaq, yeni insanlarla tanış olmaq və cəmiyyətə fayda vermək imkanı yaradır. Sevilfest mənə göstərib ki, bəzən bir film, bir söhbət və ya bir görüş insanların düşüncəsində böyük dəyişikliklər yarada bilər. Məhz buna görə bu festival mənim üçün xüsusi əhəmiyyət daşıyır. İşdən kənar vaxtlarımda idmanla məşğul olur, hiking yürüşlərinə qatılıram.