Bu il “SevilFest” komandası rəsmi festival akkreditasiyası ilə Avropanın ən mühüm kino tədbirlərindən biri – Sarayevo Film Festivalında iştirak etdi. Festivalın şəhəri tamamilə kino ab-havasına bürüdüyü bir həftə ərzində biz müxtəlif ustad dərslərində, film nümayişlərində və müzakirələrdə iştirak etdik.

“SevilFest” komandasının Sarayevodakı iştirakı festivallar arasında həmrəylik və əməkdaşlıq çərçivəsində mümkün oldu. Bu iştirak sənədli film müsabiqəsinin tərtibatçısı Rada Şeşiçin dəstəyi ilə baş tutdu. Xatırladaq ki, “Sarayevo”dan bir ay əvvəl Rada Şeşiç Bakıda “SevilFest”in qonağı olmuş, münsiflər heyətində yer almış və Azərbaycan auditoriyasına ustad dərsi keçmişdi.
Festivalın tarixi və əhəmiyyəti

Sarayevo Film Festivalının yaranma hekayəsi həm kinematoqrafiya, həm də regionun tarixi baxımından olduqca təsirlidir. İlk dəfə 1993-cü ilin oktyabrında hələ müharibə və mühasirə dövründə Haris Paşoviç tərəfindən on günlük “Sarajevo Beynəlxalq Film Festivalı” keçirilmişdi. Onun uğuru, eləcə də Mirsad Purivatra və İzet Gradeviçin 1992-ci ildən davam etdirdikləri müharibə dövrü film nümayişləri illik festivalın əsası sayılır. Nəticədə 1995-ci ildə Obala İncəsənət Mərkəzi ilk rəsmi Sarayevo Film Festivalının bünövrəsini qoyub.
O vaxt şəhər hələ də mühasirədə idi və iştirakçı sayı çox aşağı gözlənilsə də, 15 ölkədən 37 film nümayiş etdirilib və 15 min tamaşaçı festivala qatılıb. Bu, o dövrdə yalnız kino tədbiri yox, həm də ümid rəmzi idi.
Festival sonrakı illərdə sürətlə böyüdü və artıq illik 100 mindən çox tamaşaçı cəlb edən, 60-dan çox ölkədən yüzlərlə film nümayiş etdirən beynəlxalq hadisəyə çevrildi. 2001-ci ildə Avropa Film Assosiasiyası Sarayevo Film Festivalını Avropada “Ən yaxşı qısametrajlı film” nominasiyasına film irəli sürmək hüququ olan 11 festivaldan biri kimi tanıdı. 2019-cu ildə isə ABŞ Kino Akademiyası (Oskar) festivalı qısametrajlı filmlər üzrə rəsmi kvalifikasiya festivalı elan etdi – yəni “Sarayevonun Ürəyi” mükafatını qazanan qısametrajlı filmlər birbaşa Oskar mükafatına namizəd ola bilər. Elə həmin il Sarayevo UNESCO tərəfindən “Kino şəhəri” statusunu da aldı.
Bu il nələr oldu?

Festival tədbirləri şəhərin həm qapalı zallarında, həm də açıq hava məkanlarında baş tuturdu. Tədbirlərə giriş yalnız bilet, dəvət və ya akkreditasiya ilə mümkün idi. Sarayevo festival günlərində kino ilə yaşayan bir məkana çevrilir.
15–22 avqust tarixlərində keçirilən builki festivalda 65 ölkədən 227 film nümayiş etdirildi. Onlardan 50 film dörd müsabiqə kateqoriyasında – bədii, sənədli, qısametrajlı və tələbə filmi üzrə – “Sarayevonun Ürəyi” mükafatları uğrunda mübarizə apardı. Seçilən filmlərə 15 dünya, 6 beynəlxalq, 28 regional və 2 milli premyera daxil idi.

Festivalın xüsusi qonaqları arasında aktyorlar Villem Defo, Rey Uinston, rejissor Paolo Sorrentino yer alırdı və onlar ustad dərsləri keçdilər. Onlarla birlikdə Stellan Skarsqord festivalın “Fəxri Ürək Mükafatı”na layiq görüldü.
Azərbaycanlıların iştirakı

Festivalın maraqlı məqamlarından biri Azərbaycan kino mühitinin Sarayevoda qeyri-rəsmi və spontan təmsil olunması idi. Bu il festivalda Azərbaycandan düz 10 nəfər iştirak edirdi:
- “SevilFest” komandası,
- Hilal Baydarov – “Daş üstündə daş” adlı yeni tammetrajlı film layihəsi ilə festival çərçivəsində keçirilən CineLink Birgə İstehsal Bazarında iştirak etdi və 10.000 avro dəyərində Monteneqro Kino Mərkəzinin mükafatını qazandı,
- Lalə Əliyeva – “Docu Talents from the East” pitching tədbirində sənədli film layihəsi ilə,
- Nərgiz Məmmədli və Ələmdar Faiq – “Talents Sarajevo”nun “Pack & Pitch” bölməsində “Adsız yaddaş” sənədli film layihəsi ilə,
- Ötən ilin “Pack & Pitch” qalibləri Durna Səfərova və Atanur Nəbiyeva,
- Tammetrajlı sənədli film müsabiqəsində iştirak edən İmam Həsənov – “Xəyalpərəstlər: İşığın Uşaqları” filmi ilə.