Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının 6-cı buraxılışı artıq çox yaxındadır! Azərbaycanda qadınların baxışlarını və hekayələrini əks etdirən yeganə film festivalı “SevilFest” 5 iyuldan etibarən 9 gün ərzində dünyanın dörd tərəfindən gələn maraqlı filmləri təqdim edəcək, eləcə də müzakirələr, ustad dərsləri və xüsusi qonaqlarla zəngin olacaq.
Builki film proqramımız “Kann”, “Berlin”, “Sandens”, “Visions du Réel” və digər böyük beynəlxalq festivallardan mükafatlar qazanan filmləri əhatə edir – bu filmlər Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə nümayiş olunur.
PROQRAMIMIZA QISA NƏZƏR
Bu proqram qadınlıq, reproduktiv hüquqlar, yaddaş, analıq və mübarizə kimi mövzuları əks etdirən cəsarətli və aktual filmlərdən ibarətdir.
Burada İrandan “Oğurlanmış Planetim”, Fələstindən “Ruhunu əlinə al və yola düş”, Böyük Britaniyadan “Ana Plata” , Gürcüstandan “9 aylıq kontrakt” kimi yeni, ən çox səs gətirən sənədli filmlər yer alır.

Xüsusi nümayiş: “Satyrusun axtarışında”
Tanınmış fotoqraf Rəna Əffəndinin beş il ərzində ərsəyə gətirdiyi ilk tammetrajlı sənədli filmi festivalımız çərçivəsində Azərbaycanda ilk dəfə nümayiş olunacaq! Rejissor bir kəpənəyin izi ilə başladığı bu səyahətdə atasını tanımağa, keçmişlə üzləşməyə çalışır və Qafqazın qəlbindəki yaraları müşahidə edir.

Xüsusi qonaq: Kler Aterton
Dünyanın nüfuzlu film montajçılarından biri və rejissor Şantal Akermanın uzunmüddətli əməkdaşı Kler Aterton bu il xüsusi qonağımızdır. 2019-cu ildə o, Lokarno kinofestivalında “Vision Award Ticinomoda” mükafatını alan ilk qadın montajçı olub. Bu mükafat onun montaj vasitəsilə müasir kino dilinin formalaşmasındakı rolunu yüksək səviyyədə tanımaq deməkdir.
Kler Aterton montaj və kino dili üzrə ustad dərsi keçəcək və “Şantal Akerman Retrospektivi” proqramımızı təqdim edəcək.

Müzakirələr və ustad dərsləri
- Kino nəzəriyyəsinin əfsanəvi siması Laura Malvi ilə onlayn ustad dərsi:
Feminizm və kino mədəniyyətinin ilkin dövrləri haqqında xatirələr: tarix, nəzəriyyə və avtobioqrafiya; - Sarayevo Film Festivalının kuratoru, mentor və rejissor Rada Şeşiç real hekayələri yaradıcı kinoya çevirmək üzrə seminar təqdim edəcək;
- Kinotənqidçi və kurator, “Invisible Women” kollektivinin həmtəsisçisi Reyçel Pronqer kino tarixinin yaddan çıxarılmış qadınları barədə təqdimat edəcək;
- Həmçinin Viktoriya Mepplbek, Malika Muxamecan, Marina Belikova və digər xarici qonaqlarla müzakirələr təşkil olunacaq;
Qısa film müsabiqələri: böyük ekranda yeni nəfəs
“SevilFest” gənc rejissorları dəstəkləməyə davam edir. Beynəlxalq və yerli qısafilm müsabiqələrimiz sənədli film sahəsində son illərdə meydana çıxan adları özündə ehtiva edir. Bu filmlər gender, yaddaş, miqrasiya, zorakılıq və aidiyyat kimi aktual mövzuları araşdırır.
Panel müzakirəsi: Azərbaycanda qadınların kinodünyası
“SevilFest” ilk dəfə Azərbaycan kino sənayesindəki gender reallıqları barədə ictimai müzakirə təşkil edir. Paneldə təcrübəli prodüser və ssenarist İradə Bağırzadə, ölkənin azsaylı qadın kinooperatorlarından Pərvanə Həsənova və tanınmış aktrisa Günəş Tegin (Mehdizadə)iştirak edəcək.
Hələ qurtarmadı!
Festivalımız yalnız paytaxt sakinləri üçün deyil. Bu il də regional koordinatorlarımızın sayəsində paralel olaraq Şəki və Lənkəranda (o cümlədən Osaküçə kəndində) tamaşaçılarımızla görüşəcək, onlara film nümayişləri, ustad dərsi və təlimlər təqdim edəcəyik.
Və bütün bunlar tamaşaçılarımıza hədiyyəmizdir — iştirak ödənişsizdir!

Proqram haqqında daha ətraflı məlumatı festivalın sosial media səhifələrindən və www.sevilfest.org saytından əldə edə bilərsiniz.
Mətbuat nümayəndələrinin nəzərinə:
Qonaq və rejissorlarla müsahibə almaq istəyirsinizsə, festival təşkilatçılarına müraciət edin.