Biz kimik?
Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır.

“SevilFest”, ilk növbədə, gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, “SevilFest” mövcud stereotiplərdən ötrü qadın rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.
Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirələrə təşviq edir.
Müxtəlif beynəlxalq əməkdaşlıqlar, qonaq və ekspertlərlə əlaqəni təmin edən festival yerli və beynəlxalq sənətçilər üçün qısa və tammetrajlı müsabiqələr təşkil etməklə yerli kino sənətini təbliğ edir. Həmçinin, festival paralel olaraq üç şəhərdə – Bakı, Şəki, Lənkəranda təşkil olunur.
Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə “SevilFest” sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.
Missiyamız
“SevilFest” fərqlilikləri filmlə birləşdirir.
Dəyərlərimiz
Alternativ və inklüziv əyləncə
“SevilFest” hər kəs üçün təhlükəsiz, rahat və fərqli olmağın qəbul edildiyi bir məkandır – burada sən kim olduğunu gizlətmədən gülə, hiss edə və paylaşa bilərsən.
Sosial təsir
İncəsənətin dəyişdirici gücünə inanırıq. Bir film, bir səhnə və ya bir söhbət cəmiyyətə sual verməyə, yeni yollarla düşünməyə ilham verə bilər. Biz bu dəyişimin bir parçası olmaq istəyirik.
Anlayış və həssaslıq
Hər addımımızı dinləməklə və müşahidə etməklə atırıq.
Müstəqillik və sadiqlik
Səsimizi, missiyamızı və baxışımızı qoruyaraq irəliləyirik.